Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

– Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Bu gün biz Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, biz yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik.

Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.

Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində – daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.

Onu da bildirməliyəm ki, yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.

Yeni elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur və tikinti prosesini ixtisaslaşmış yerli şirkət həyata keçirəcək. 1280 meqavat gücündə elektrik stansiyası müstəqillik dövründə tikiləcək ən böyük istilik elektrik stansiyası olacaq.